Bərdə pambıqçıları hektarın orta məhsuldarlığına görə ön sırada dayanmağı hədəfləyirlər

Ötən əsrin 70-80-ci illərində ölkədə pambıq istehsalında öndə gedən Bərdə əməkçiləri bu ənənəni davam etdirirlər. Hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanmağı hədəfləyən Bərdə pambıqçıları bu günədək tarlalardan 5933,5 ton məhsul toplayıblar.

Bərdə Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayonda 10 min 140 hektar sahədə pambıq becərilib. Pambıq əkinlərinin 5370 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4410 hektarı “Azərpambıq” MMC, 360 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında aparılıb. Məhsul istehsalçılarına göstərilən hərtərəfli kömək və bitkinin becərilməsində aqrotexniki tədbirlərin düzgün həyata keçirilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. İndi rayonda bütün qüvvələr “ağ qızıl”ın tez və itkisiz yığılması üçün səfərbər olunub.

Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlarından idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Prezident İlham Əliyevin tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır.

AZƏRTAC