Beyləqanda çiyid səpini yekunlaşıb

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda çiyid səpini başa çatıb. Beyləqanlı pambıqçılar 8743,7 hektarda səpin həyata keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çiyid səpininin 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 3200 hektarı “Azərpambıq” MMC və 820 hektarı “P-Aqro” MMC ilə müqavilə əsasında həyata keçirilib. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Artıq sahələrin 8545,07 hektarında bitiş alınıb və becərmə işləri aparılır.

Qeyd edək ki, 2019-cu ildə Beyləqan rayonunda 9706,1 hektar sahədə pambıq əkilib, 29,4 min ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,3 sentner olub. Ötən il pambıq istehsalı 2018-ci illə müqayisədə 7523 ton çox olub.

AZƏRTAC