Zaqatala tütün istehsalı və emalı məntəqəsi indiyədək fermerlərdən 2435 ton yaşıl tütün qəbul edib

“Azərtütün ASK” MMC-nin Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə bu günədək istehsalçılardan 2435 ton yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu emal məntəqəsində 356 ton quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Mohuma Hüşənov məlumat verib.

Müəssisə rəhbərinin sözlərinə görə, “Azərtütün ASK” MMC tərəfindən builki mövsümdə Zaqatala rayonunda 410,2 hektar sahədə “Virciniya” növlü tütün əkilib. Hər gün məntəqəyə qurudulmaq üçün orta hesabla 20 tonadək yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının 28-i işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir və tütünün qurudulması prosesi 7-8 gün çəkir. Qurudulan tütün daha sonra preslənərək anbara yığılır.

Yengiyan kəndindən fermer Telman Həsrətov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 210 ton yaşıl tütün təhvil verib. Aşağı Tala kəndindən Namiq Şabanov emal məntəqəsinə 128 ton, Dağlı kəndindən Natiq Məmmədov isə 106 ton yaşıl tütün gətirib.

Hazırda emal məntəqəsində 110 nəfər işçi çalışır. Onlardan 40 nəfəri daimi işçidir. Məntəqədə çalışanların orta aylıq əməkhaqqı 300 manat təşkil edir.

İşçilərlə söhbət zamanı onlar kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər. Müəssisənin quru tütün çeşidləmə sexinin işçisi Rasimə Ramazanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 11 ildir emal məntəqəsində çalışır. O, artıq müəssisənin daimi işçisidir. Ayda 300 manatadək əməkhaqqı alır. İşçilərin məntəqəyə gətirilib aparılması üçün cəmiyyət tərəfindən xüsusi nəqliyyat vasitəsi də ayrılıb.

Alagöz Uluxanova isə 13 ildir ki, burada çalışır. O da məntəqənin daimi işçisidir. “Kənd əhalisinin məşğulluğunun təmin olunmasına göstərdiyi diqqət və qayğıya görə işçilər adından Prezidentimizə minnətdarlığımı bildirirəm. Məntəqədə bizim üçün normal iş şəraiti yaradılıb. Vaxtında əməkhaqqımızı alırıq. Tütünçülüyün, baramaçılığın yenidən dirçəldilməsi biz kənd adamlarının ürəyincədir. İndi kənd yerlərində neçə-neçə ailə bu sahələrdən öz dolanışıqlarını təmin edir”, - deyə Alagöz Uluxanova bildirib.

AZƏRTAC

Fotolent