“Azərbaycan Sənaye Korporasiyası” Aqrar Universiteti ilə əməkdaşlıq edəcək

“Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, sənədi Korporasiyanın baş direktoru Kamran Nəbizadə və universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imzalayıblar.

Memorandum tərəflərin aqrar sahədə elmi tədqiqatların aparılması, tələbələrin biznes ideyalarının, innovativ təşəbbüslərinin dəstəklənməsi, onların “Azərbaycan Sənaye Korporasiyasi” ASC-nin törəmə müəssisələrində təcrübə keçməsi və müxtəlif layihələr üzrə əməkdaşlıq məsələlərini əks etdirir.

Sənəd kənd təsərrüfatının müvafiq sahələri üzrə peşəkar kadrların hazırlanması, tələbələrin praktiki təlimlərə, tədris təcrübəsinə cəlb olunması, onlara praktiki vərdişlərin aşılanması, bu sahəyə marağın artırılması baxımından əhəmiyyətlidir.

ADAU ilə Korporasiya arasında təməli qoyulan bu əməkdaşlıq tələbələrin nəzəri biliklərlə yanaşı təcrübə qazanmasında, ixtisasları üzrə peşəkar kadr kimi yetişməsində, Azərbaycanda aqrar sahə üzrə kadr potensialının gücləndirilməsində vacib mərhələ sayıla bilər.

AZƏRTAC

Fotolent