“Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə “Azərpambıq ASK” MMC-nin Ağcabədi
rayonunda yerləşən pambıq istehsalı
emalı zavodunda aparılan yenidənqurma işləri ilə tanış olmaq üçün bu rayona səfər
edib. Yenidənqurma işlərinə ümumi baxış keçirən baş direktor mövcud vəziyyətlə
tanış olub və görülən tədbirlərin zamanın tələblərinə uyğun olaraq vaxtında həm
də keyfiyyətlə başa çatdırılmasını tövsiyyə edib.
Bu il məhsul yığımı mövsümündə zavodda
72500 ton pambıq emalı nəzərdə tutulur. Zavod tam gücü ilə işə düşdükdən sonra cəmiyyətin
ətraf rayonlarda yerləşən məntəqələrindən də həmin müəssisəyə pambıq qəbul
olunaraq, emala veriləcəkdir. Zavodda Ağcabədi rayonu üzrə 10000 ton, Ağdam
rayonu üzrə 1500, Tərtər rayonu üzrə 3375, Goranboy rayonu üzrə 3000 ton – cəmi
17875 ton pambıq tədarük və emal olunacaqdır.
Hal-hazırda zavodda köhnə,
sıradan çıxmış avadanlıqların demontaj işlərinə başlanılıb. Bununla yanaşı təmir-bərpa
və yeni avadanlıqların alınması istiqamətində də mühüm tədbirlər planı
hazırlanaraq, həyata keçirilir.
Yeni, müasir tələblərə cavab verən
pambıq emalı zavodunun kütləvi pambıq tədarükü dövrü ilə eyni vaxtda işə
salınması planlaşdırılır.
“Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin nəzdində fəaliyyət göstərən “Azərpambıq ASK” MMC üzrə
2019-cu təsərrüfat mövsümü ilində respublikanın 15 rayonunda 29001 hektarda
pambıq əkini aparılıb. Qarşıya qoyulan məqsəd isə hər hektarda minimum 25
sentner pambıq məhsulu istehsal etməklə məhsuldarlığın ildən-ilə artırılmasına
nail olmaqdır. Bununla əlaqədar olaraq yığılmış xam pambığın vaxtında emal
edilməsi üçün köhnə zavodlarda yenidənqurma işlərinin aparılması və müəssisələrin
işçi qüvvəsinin artırılması nəzərdə tutulur. Bu, həm də regionlarda yeni iş
yerlərinin açılmasına şərait yaradacaqdır.