"Azərbaycan Sənaye Korporasiyası" ASC, AR Energetika Nazirliyi və Fransanın "Qair" şirkətinin nümayəndə heyəti arasında bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi müzakirə olunub

"Azərbaycan Sənaye Korporasiyası" ASC,  AR Energetika Nazirliyi və Fransanın "Qair" şirkətinin nümayəndə heyəti arasında videobağlantı formatında görüş keçirilib. Korporasiyanın baş direktoru Kamran Nəbizadə, Energetika Nazirliyinin nümayəndəsi,  "Qair" şirkətinin Azərbaycan üzrə rəhbəri Elnur Əliyev və  idarə heyətinin sədri  Luis Blanşardın rəhbərliyi ilə keçirilən görüşün əsas müzakirə mövzusu bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi məsələsi olub.

Baş direktor Kamran Nəbizadə alternativ enerji mənbələrindən istifadə edərək müəssisələr üçün əlavə imkanların yaradılması və elektrik xərclərinin azaldılması potensialının araşdırılmasının Korporasiyanın daim maraq və diqqətində olduğunu bildirib.

Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə edən elektrik stansiyalarının qurulması layihələrinə investisiya qoymağa maraqlı olduğunu vurğulayan "Qair" şirkətinin nümayəndələri layihə haqqında məlumat verərək, nəzərdə tutulan investisiya qoyuluşunun istehsal gücü 100 meqavatdan başlayaraq 500-600 meqavata  qədər olan böyük layihələri əhatə edəcəyini proqnozlaşdırıblar. Şirkətin nümayəndələri irəli sürülən  layihələrlə bağlı investisiya, tikinti, quraşdırma və idarəetmə işlərini həyata keçirməyə hazır olduqlarını da bildiriblər.

Avropanın qabaqcıl şirkətlərindən biri olan,  30 illik təcrübəyə malik Fransanın "Qair" şirkəti nou-hau (“know-how”) texnologiyalara əsaslanan bərpa olunan enerji mənbələrindən istifadə sahəsində ixtisaslaşıb. Şirkət 12 ölkədə fəaliyyət göstərir, xüsüsi ilə günəş və külək elektrik stansiyalarının qurulması layihələrinə sərmayə qoyur.

Görüşün sonunda gələcək əməkdaşlıqların perspektivləri müzakirə olunub və yekun olaraq, üçtərəfli Anlaşma Memorandumunun imzalanmasına qərar verilib. Memorandum imzalandıqdan sonra işçi qrupunun yaradılması və layihənin perspektivlərinin, səmərəliliyinin ətraflı araşdırılması istiqamətində işlərin aparılmasına dair razılıq əldə olunub. Görüşdə Korporasiyanın "Strateji inkişaf və kommersiya" departamentinin,“Azəralüminium” MMC-nin rəhbər heyəti, "ASK Şüşə” MMC-nin nümayəndəsi və "Qair" şirkətnin vitse-prezidentləri iştirak edib.