“AgroHackathon 2020” müsabiqəsində hazırlanacaq həllin müasir istixana komplekslərinin idarəetməsində tətbiqi nəzərdə tutulur

Fevralın 29-dan martın 2-dək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzi və Azərbaycan Sənaye Korporasiyasının təşkilatçılığı, “Bakcell” şirkətinin sponsorluğu ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində müasir istixana kompleksinin daxilində “AgroHackathon 2020” müsabiqəsi keçiriləcək. Müsabiqənin texniki tərəfdaşı “Microsoft” şirkətidir. “Hakaton” 24-72 saat müddətində verilmiş texniki tapşırığa uyğun olaraq müəyyən texnoloji həllin tapılması və ya hazırlanması müsabiqəsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 27-də “AgroHackathon 2020” müsabiqəsi ilə bağlı Aqrar Tədqiqatlar Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, müsabiqə təşkil ediləcəyi yer və qoyulmuş problemin unikallığı cəhətdən dünyada bir ilkdir. “Hakaton”da hazırlanacaq həllin birbaşa müasir istixana komplekslərinin idarəetməsində tətbiq edilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak üçün ölkənin qabaqcıl ali təhsil müəssisələrini təmsil edən 50-dən artıq komanda müraciət edib. Onlardan 11 fərqli ali məktəbi təmsil edən 15 komanda müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. İlkin seçim mərhələsindən uğurla keçmiş komandaların ümumi say tərkibi 70, komandalardakı xanım iştirakçılarının sayı isə 20 nəfərdən çoxdur.

Fevralın 29-da saat 20:20-də başlayacaq yarış 2020 dəqiqə müddətində davam edərək martın 2-də saat 06:00-da yekunlaşacaq. “AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar müvafiq olaraq 6060, 4040, 2020 manat məbləğində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Yarış zamanı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutununda həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, onlar ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.

AZƏRTAC

Fotolent