Bu gün Azərbaycan dünya miqyasında
idman dövləti kimi tanınır. İdmançılarımız bütün beynəlxalq yarışlarda ölkəmizi
ləyaqətlə təmsil edirlər. Bir çox Olimpiya, dünya, Avropa çempionlarımız, beynəlxalq
yarışların qalibləri var. Bütün bunlar dövlət başçısının digər sahələrdə olduğu
kimi, idmana da göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bakıda bu gün ən müasir idman
infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir
olunmuş, eyni zamanda son illər bir neçə böyük stadion, idman zalı inşa
edilmişdir. Buna görə də son illər mütəmadi olaraq paytaxtımızda müxtəlif
idman növləri üzrə dünya və Avropa çempionatları, Qran-pri yarışları keçirilir.
Gənc nəslin yetişdirilməsi,
hazırlıq prosesinin düzgün qurulması üçün şərait olmalıdır və bu şərait həm
paytaxtda, həm də ölkəmizin bütün regionlarında yaradılmışdır. Uşaqlar,
yeniyetmələr bu idman mərkəzlərində məşq edir, gələcəkdə çempionlarımızın
davamçıları olmağa hazırlaşırlar. Çünki idmanın dayanıqlı inkişafı gənc nəslin
yetişməsindən başlayır.
Paytaxtda fəaliyyət göstərən
onlarla idman mərkəzlərindən biri Heydər Əliyev prospektində yerləşən “ASK
Arena”dır. 8125 nəfər tamaşaçı tutumu olan stadion 2001-ci ildə Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa edilmiş və “Şəfa” adı ilə
istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 04 dekabr
2017-ci il tarixli, 1704 nömrəli Fərmanına uyğun olaraq, dövlət tapşırığının
icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Sənaye Korporasiyasının
(“ASK” ASC) balansına keçirildiyindən stadion “ASK Arena” adını daşıyır.
“ASK Arena” Bakıda keçirilmiş 17
yaşınadək qadınlar arasında Dünya Çempionatının final mərhələsinin oyunlarını qəbul
etmişdir.
Hazırda “ASK Arena”da fəaliyyət
göstərən futbol, boks, reqbi, karate və digər idman növləri üzrə bölmələrdə
yüzlərlə istedadlı uşaq və yeniyetmə məşğul olur. Bundan əlavə, Azərbaycan
Premyer Liqasında çıxış edən Bakının “Keşlə” klubu və Milli Karate Federasiyasi
bu stadionda məskunlaşmışdır.
Onu da qeyd edək ki, “ASK Arena” həm də mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının “Arsenal”- “Çelsi” final oyununa dəstək verən bir sıra beynəlxalq və yerli təşkilatlar arasında yer alıb.
“Azərbaycan” qazeti