Tərtər pambıqçıları düşmənin artilleriya atəşinə baxmayaraq, yüksək məhsuldarlığa nail olublar

Tərtər rayonunun ərazisi builki pambıq yığımı mövsümündə Ermənistan silahlı birləşmələrinin artilleriya atəşinə məruz qalıb. Rayonun yaşayış məntəqələrinin, aqrar infrastrukturun, kənd təsərrüfatı texnikalarının, əkin sahələrinin mütəmadi olaraq atəşə tutulması nəticəsində strateji məhsulun yığımının həyata keçirilməsi çətinləşib və ləngiyib. Lakin buna baxmayaraq, qəhrəman tərtərlilər əvvəlki illərdə olduğu kimi, 2020-ci məhsul yığımı mövsümündə də hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib. Tərtər pambıqçıları bu günədək tarlalardan 11 min 510,80 ton məhsul toplayıblar. Hər hektardan məhsuldarlıq 38,61 sentner təşkil edir. Bu göstərici ilə Tərtər rayonu pambıqçılıq rayonları arasında ikinci yerdədir.

“MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev düşmənin artilleriya atəşinə və məhsul yığımında ləngimələrə baxmayaraq, bu il rekord məhsuldarlıq əldə edildiyini bildirib: “Bu il 620 fermerlə müqavilə əsasında 1731 hektar sahədə pambıq becərmişik. Becərmə işləri bütün aqrotexniki qaydalara uyğun aparıldığından tarlalarda bol məhsul yetişib. Lakin sentyabrın 27-dən başlayaraq rayon ərazisinin atəşə tutulması nəticəsində məhsul yığımında ləngimələr oldu. Düşmənin artilleriya atəşi nəticəsində təkcə filialın ərazisinə 30-a yaxın mərmi düşüb. Nəticədə mərkəzi anbar, kip anbarı və daxili anbarda yanğın baş verib, digər binalara və kənd təsərrüfatı texnikalarına ziyan dəyib. Noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra pambıq yığımına başladıq. Qısa vaxtda yığımı başa çatdıraraq yüksək məhsuldarlığa nail olduq. Tarlalardan 7173,72 ton məhsul tədarük olunub. Bu isə bir hektar üçün orta hesabla 41,44 sentner məhsuldarlıq deməkdir. Bu nəticə ötən ilin göstəricisi ilə müqayisədə 2,56 sentner çoxdur".

Bu il "Azərpambıq ASK" MMC-nin pambıq tarlalarında da bol məhsul olub. MMC-nin Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Fəqani Babışov bildirib ki, rayon ərazisində 1200 hektar sahədə pambıq becərilib. "Sentyabrın 23-də pambıq yığımına başlasaq da, düşmənin dörd gün sonra rayon ərazisini intensiv atəşə tutması səbəbindən məhsul tədarükünü davam etdirə bilmədik. Düşmənin atəşi nəticəsində 1 kombayna, 4 traktora, filialın laboratoriyasına, ofis və digər otaqlara ziyan dəydi. Lakin çətinliklə olsa da, məhsulumuzu tarlalardan topladıq və keçən ilkindən də yüksək məhsuldarlığa nail olduq. Bu günədək 4218,16 ton məhsul tədarük etmişik. Əgər keçən il hər hektardan 29,5 sentner məhsul götürmüşdüksə, bu il bu göstərici 35,15 sentnerdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanıblar.

AZƏRTAC

Fotolent

Yeni Xəbərlər