Kamran Nəbizadə: Azərbaycan Sənaye Korporasiyasının fəaliyyətinin əsas məqsədi istehsal potensialının gücləndirilməsinə nail olmaqdır (MÜSAHİBƏ)

"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Kamran Nəbizadənin Trend-ə müsahibəsi

- Bu yaxınlarda “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin bir ili tamam oldu. Zəhmət olmasa, bu müddət ərzində görülən işlər haqqında məlumat verərdiniz.

- Xatırladım ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 06 noyabr 2017-ci il tarixli fərmanına əsasən yaradılıb. Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Korporasiyanın fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

Ötən il ərzində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti sənaye məhsulları istehsalının həcminin və keyfiyyətinin artırılmasına, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Hazırda ASC tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azərpambıq ASK” MMC-ni, “Azəripək” MMC-ni, “Azəralüminium” MMC-ni, “ASK Şüşə” MMC-ni, “Azərtütün ASK” MMC-ni və digərlərini göstərmək olar. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 2018-ci il mövsümündə respublikanın 14 rayonunda 29,0 min hektarda pambıq əkini aparılıb və bu günə qədər 56 min ton xam pambıq tədarük edilib.

Bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb. Belə ki, rəsmi statistik məlumatlara əsasən, 2018-ci ildə ölkə üzrə 3400 hektar tütün əkilib, fermerlərdən 38 mindən çox yaş tütün satın alınıb. Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin dəstəyi və birbaşa təşkilatçılığı ilə 2350 hektarda tütün əkilib, 20 700 ton yaş tütün tədarük edilib, 226 fermerə 4,3 milyon manat vəsait ödənilib. Bu göstəricilər ötən illə müqayisədə xeyli yüksəkdir. Eyni zamanda, Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 2018-ci ildə müasir tələblərə və standartlara cavab verən 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək tam istifadəyə verilib. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik 4 quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Ümumilikdə, “Azərtütün ASK” MMC və onun strukturuna daxil olan müəssisə və obyektlərdə 153 daimi iş yeri var, mövsümdə isə 550-600 nəfər müvəqqəti işə cəlb edilir.

Korporasiyanın alüminium və şüşə məmulatları istehsalı sahələrinin modernləşdirilməsi işləri davam edir və bu müəssisələrin strateji inkişaf planı hazırlanır.

- 2019-cu ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin qarşısında hansı prioritet məsələlər dayanır? Cari ildə Korporasiyanın nəzdində olan törəmə müəssisələrin sayının artırılması planlaşdırılırmı?

- Bu il prioritet məsələlərdən biri kimi, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan törəmə müəssisələrin sayının artırılması və mövcud müəssisələrin inkişaf strategiyasının hazırlanması nəzərdə tutulur. Biz bu istiqamətdə ciddi iş aparırıq. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin tərkibinə müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələr daxildir. Bu strategiya müxtəlif istiqamətlər üzrə hazırlanacaq və hökumətə təqdim olunacaq. “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əsas məqsədi bu müəssisələrin rentabelliyini yüksəltmək, istehsalını genişləndirmək, onlar arasında əməkdaşlığı gücləndirməkdir. Bu, yeni iş yerlərinin açılması, sosial məsələlərin həlli, Azərbaycan məhsullarının ixracının artması, eləcə də idxal olunan məhsulun yerli məhsulla əvəz olunması deməkdir.

Əlbəttə ki, yeni qurulmuş müəssisələrdə hesabatlılıq yüksək səviyyədə olmalı, müasir tələblərə cavab verməlidir. Bu baxımdan maliyyə uçotu, maliyyə nəzarəti və maliyyə auditinin təşkili prioritet istiqamətlərdən biridir. Korporasiyanın nəzdində olan bir çox müəssisələrdə “1C8.3 Korporasiya” proqramının tətbiq olunması bu yöndə atılan addımlardan sayıla bilər. Bildiyimiz kimi, hər hansı bir proqramın tətbiqi biznes proseslərinin təsvirini, onların təhlilini, yaxşılaşdırılmasını tələb edir və nəticədə sənəd dövriyyəsində şəffaflığa nail olmaq imkanı yaradır. Bu mövzu ilə bağlı bizim üçün prioritet məsələlərdən biri olan müasir korporativ idarəetmə prinsiplərindən də söz açmaq istərdim. Korporasiyanın və onun törəmə müəssisələrinin strukturu, işçilərin vəzifələri, məsuliyyəti, hesabatlılığı həmin idarəetmə prinsipləri əsasında qurulmalıdır. Deyə bilərəm ki, biznes proseslərinin səmərəli təşkili təchizatdan başlayaraq satışa kimi yaxşılaşmaya doğru gedir və məsrəflərin azalması, daha səmərəli idarəetmə üsullarının tətbiqi ilə nəticələnəcək.

- Korporasiyanın nəzdində fəaliyyət göstərən törəmə müəssisələrin inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində qeyri-neft sektorunda hansı dəyişikliklərin baş verməsini proqnozlaşdırmaq olar?

- Qeyd edim ki, Nazirlər Kabinetinin ötən ilin 9 ayında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cənab Prezident İlham Əliyev iqtisadiyyatda əldə olunmuş uğurlarda qeyri-neft sektorunun inkişaf templərini yüksək qiymətləndirmiş və onun sürətləndirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulamışdır. Təbii ki, bu sahələrin inkişafında cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin də payı var. Eyni zamanda, qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsi hədəfi təşkilatımızın qarşısında mühüm vəzifələr qoyur. Artıq qeyd etdiyim kimi, hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən təsis edilən, qeyri-neft sektorunun müxtəlif sənaye sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Təsis olunduğu vaxtdan başlayaraq, bu müəssisələrdə korporativ idarəetmə və onun tərkib hissəsi olan hesabatlılıq sistemi qurulub. Bu da öz növbəsində, maliyyə axınları üzərində nəzarəti gücləndirməyə, proqnozların dəqiqliyini və investisiyaların səmərəliliyini artırmağa imkan yaradacaq. Müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin həyata keçirilməsi nəticəsində istehsal olunan məhsulların keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması həmin müəssisələr tərəfindən istehsal edilən məhsulların dünya bazarlarına çıxarılmasına, Azərbaycan məhsullarına tələbatın artmasına, bu isə öz növbəsində valyuta ehtiyatlarının çoxalmasına xidmət edəcək. Elə düşünürəm ki, ölkəmiz nəticə etibarilə yaxın zamanlarda bir çox məhsullara tələbatını mühüm dərəcədə daxili istehsal hesabına ödəməklə yanaşı, qeyri-neft sektorunda buraxılan məhsulların, o cümlədən alüminium, ipək, pambıq lifi, şərabçılıq məhsullarının ixrac potensialını da xeyli artıracaq.

- Korporasiyanın nəzdində olan törəmə müəssisələrin modernləşdirilməsinin hansı müddətdə başa çatması planlaşdırılır?

- Əlbəttə ki, Korporasiyanın nəzdində olan törəmə müəssisələrin modernləşməsi, istehsal prosesinin optimallaşdırılması, maya dəyərinin aşağı salınması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün istər yerli, istərsə də xarici investisiyalar cəlb edilir. Cari ildə tütünün qurudulması və emalı ilə bağlı texnologiyaların tətbiqi üçün dünyanın qabaqcıl şirkətlərinin iştirak edəcəyi beynəlxalq tenderlər elan etmək niyyətindəyik. Pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edirik. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etməyi planlaşdırırıq.

Qeyd edim ki, hazırda “Azərtütün ASK” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC müəssisələri üzrə beş illik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir. Yüksək keyfiyyətli məhsul əldə etmək üçün istehsal prosesinin bütün halqalarına, o cümlədən keyfiyyətli xammal bazasının yaradılması üçün torpağın və toxumun seçilməsi, bitkilərin becərilməsi, məhsul yığılması, tədarükü, emalı mərhələlərinə xüsusi diqqət yetirilməlidir.

Müəssisələrin modernləşdirilməsi məsələsinə gəldikdə isə deyə bilərəm ki, tütün məhsullarının istehsalı üzrə Qax və Şəki rayonlarında 60 ədəd müasir qurutma kameralarının quraşdırılması nəzərdə tutulub və bu istiqamətdə artıq işlərin icrasına başlanılıb. Qeyd edim ki, tütün emalı zavodunda quraşdırılmış avadanlıqları istehsal edən şirkətlərin nümayəndələri dəvət olunub, təhlillər aparılıb, modernləşmə, keyfiyyətin yüksəldilməsi, istehsal gücünün artırılması, dayanıqlığın gücləndirilməsi məqsədilə məsləhətləşmələr edilib. Eyni zamanda görüləcək işlərin, quraşdırılacaq avadanlıqların dəyəri müəyyənləşdirilib və investisiya planına daxil edilib. Bu layihənin 2019-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Bundan başqa, tütün məhsullarının çeşidinin artırılması ilə bağlı əlavə istehsal xəttinin quraşdırılması da planlaşdırılır.

Pambıq məhsullarının istehsalı üzrə aparılan işlər çərçivəsində onu qeyd edə bilərəm ki, cari ildə Bərdə rayonunda böyük aqroparkın yaradılmasını nəzərdə tuturuq. Layihənin icrasına artıq başlanılıb. Burada həm yeni emal zavodunun tikintisi, həm də kənd təsərrüfatının digər sahələri üzrə klasterlərin yaradılması planlaşdırılır.

Korporasiyanın nəzdində olan “Azəripək” MMC-yə gəldikdə, 2018-2025-ci illər üzrə dövlət proqramına əsasən ötən il 513 ton yaş barama tədarük edilib. Bunun 52-55 tonundan hazır xam ipək, iplik əldə edilməsi planlaşdırılır. 2018-2025-ci illər üzrə dövlət proqramına əsasən, artıq 2019-cu ildə 1000 ton yaş barama tədarükü gözlənilir və 1000 ton yaş baramanı tədarük etmək üçün müvafiq tədbirlər proqramı tərtib edilib. Həmin proqramın icrasına artıq ötən ildən başlanılıb. Proqram çərçivəsində Çindən 2 ədəd barama boğan avadanlığı satın alınıb. Bundan əlavə, “Azəripək” MMC-yə məxsus dəyirman kombinatında 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanı ilə yanaşı, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur. “Azəripək” MMC-də mövcud buxar xətlərinin istismar vaxtı bitdiyi üçün onların yenidən qurulmasına və əlavə 10 tonluq buxar qazanının quraşdırılmasına zərurət yaranıb. 2019-cu ildə bu problemin də həlli üçün işlər aparılacaq.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində olan müəssisələrin modernləşdirilməsindən danışarkən, “ASK Şüşə” MMC-də aparılan işlər haqqında da məlumat vermək istərdim. Belə ki, hazırda zavod istehsal gücünün 40%-i ilə işləyir və bu göstərici ildə orta hesabla 40-45 milyon şüşə tara təşkil edir. Hazırda 1-ci istehsalat sexinin 2-ci istehsal xəttinin işə salınması üzrə işlər aparılır. Lazımi avadanlıqları istehsal edən şirkətlərlə müqavilələr imzalanıb. İkinci istehsalat xəttinin tam işə salınması 2019-cu ilin fevral ayına planlaşdırılır. Həmin xəttin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə çatdırılması gözlənilir. Bundan sonra müəssisənin istehsal gücü ildə 95-100 milyon şüşə taraya çatacaq. İkinci istehsalat xəttinin işə salınmasından sonra 50-60 yeni iş yerinin açılması nəzərdə tutulur. Onu da qeyd edim ki, zavodun ərazisində hazır məhsul anbarının tikintisi işləri gedir və həmin binanın təhvil verilməsi bu ilin iyul ayına planlaşdırılır. Bundan əlavə, yaxın gələcəkdə 2-ci şüşəbişirən sobanın inşası da nəzərdə tutulur və tikinti başa çatdıqdan sonra zavodun illik istehsal gücü 200-210 milyon şüşə tara təşkil edəcək. İkinci sobanın və 2-ci istehsalat xəttinin işə düşməsindən sonra 200-210 yeni iş yerinin açılması gözlənilir.

- Sizcə, tütün və pambıq kimi aqrar məhsulların istehsalında maya dəyərinin aşağı düşməsi üçün hansı mexanizmlərdən istifadə edilməlidir?

- İlk olaraq bir məqamı qeyd edim ki, maya dəyərinin aşağı salınması bizim daimi hədəfimizdir və bu istiqamətdə işlər davam etdirilir. Bunun üçün yeni iş yerləri, müasir texnologiyaların və texnikanın tətbiqinə əsaslanan istehsallar yaradılır. Bununla yanaşı, maya dəyərinin aşağı salınmasının əsas yollarından biri kimi, işçi qüvvəsinin keyfiyyətinin və istehsalat mədəniyyətinin yüksəldilməsinə də xüsusi diqqət yetirilir. Bu məsələlərin həlli, həmçinin bir çox sosial problemlərin aradan qaldırılmasına, əhalinin maddi rifahının yüksəldilməsinə imkan verəcək. Digər vacib məqamlardan biri də tütünun əkilməsi, becərilməsi, qurudulması və digər emal proseslərinə ixtisaslı mütəxəssislərin cəlb olunmasıdır. Artıq növbəti mövsüm üzrə xüsusi təlim proqramını tərtib etmişik. Proqram çərçivəsində, ilk növbədə, fermerlər üçün təlimlərin təşkili, tütünün becərilməsi işlərində onların dəstəklənməsi istiqamətində işlərin görülməsi planlaşdırılır. Eyni zamanda, “Azərtütün ASK” MMC-nin əməkdaşlarının tütünqurutma, tütünün emalı proseslərində bilik və bacarıqlarını artırmaq məqsədilə bu sahədə beynəlxalq səviyyəli, ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlığa başlanıb. Artıq yaxın günlərdə Avropadan gəlmiş yüksək peşəkarlığa malik məsləhətçilər Azərbaycanda işə başlayacaqlar. Nəticədə, həm tütün məhsullarının keyfiyyətinin artırılması, həm də mütəxəssis potensialının inkişaf etdirilməsi təmin ediləcək. Mexanizmlərdən biri də əkin və məhsul yığımının düzgün aparılmasıdır. Burada əsas məqam Azərbaycanın təbii şəraitinə uyğunlaşmış toxumun seçilməsi, əkilməsi və emalı, eləcə də becərmə prosesində şitilin yetişdirilməsində uyğun texnologiyalardan istifadə olunmasıdır ki, bu istiqamətdə də işlər aparılır.

- Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Dövlət siyasətinə uyğun olaraq proses qarşıdakı dövrdə daha da vüsət alacaq. Sizcə, bu prosesin genişlənməsi üçün əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nə dərəcədə vacibdir?

- Bu gün ölkəmizdə həyata keçirilən sənayeləşmə prosesi, qeyd etdiyiniz kimi, sürətlə gedir və bu prosesin tərəqqisində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar müstəsna rol oynayır. Ölkədə iri layihələrin reallaşdırılmasında, sənayeləşmə ilə bağlı proseslərin intensivləşməsində dövlətin iştirakı çox ciddi şəkildə öz əksini tapıb. Bu da onu deməyə əsas verir ki, biznes proseslərinin stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması nəticəsində gələcəkdə iqtisadi proseslərin aktivliyinin güclənməsi müşahidə ediləcək. Əlavə stimullaşdırıcı tədbirlərə gəlincə, bu, ilk növbədə, makroiqtisadi siyasətin idarə edilməsi, dəqiq desək, pul-kredit siyasəti və büdcə-vergi siyasəti ilə bağlı olmalıdır. Deməliyəm ki, son dövrlərdə ölkə rəhbərliyi tərəfindən vergi siyasəti ilə bağlı ciddi islahatlar aparılır. Burada ən mühüm komponentlərdən biri də investisiya resurslarının sənayeləşməyə yönləndirilməsi üzrə addımlar olmalıdır. Bu addımların məqsədi əsas fondlardan istifadəni intensivləşdirmək, dövriyyə kapitalından istifadəni səmərələşdirmək, ixrac yönümlü məhsullar buraxmaq və qanunvericiliyi təkmilləşdirməklə əlverişli biznes mühiti yaratmaqdır.

- Məlumdur ki, Korporasiya nəzdində olan törəmə müəssisələrdə menecmentin keyfiyyətinin yüksəldilməsi ilə məşğuldur. Sizcə, sənaye müəssisələrində idarəçilik qarşısında hansı çətinliklər çıxır və ümumiyyətlə, Azərbaycanda sənaye müəssisələrində xərclərin optimallaşdırılmasına və yüksək rentabellik əldə edilməsinə mane olan amillər hansılardlr?

- Bəli, sənayeləşmə prosesində mövcud problemlərdən biri kimi, xüsusi ixtisaslı kadrların çatışmazlığı məsələsini qeyd edə bilərəm. Əfsuslar olsun ki, yüksək məhsuldarlığa nail olmaq üçün hələlik xarici mütəxəssisləri cəlb etmək məcburiyyətindəyik. Bilirik ki, müasir istehsalat sahələri mürəkkəb avadanlıq və texnologiyalarla təmin olunub və onların idarə olunması kadrlardan yüksək bilik və peşəkarlıq tələb edir. Bu problemin aradan qaldırılması daim diqqətimizdədir. Belə ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC nəzdində olan müəssisələr üçün gənc, istedadlı kadrların axtarışındadır və bu axtarışlar yaxın illər ərzində öz bəhrəsini verəcək. Korporasiyamız kənd təsərrüfatı üzrə kadrların hazırlanması üçün Azərbaycan Dövlət Aqrar Universiteti ilə layihə planlaşdırır. Layihənin məqsədi tələbələri praktiki təlimlərə, tədris təcrübəsinə cəlb etməklə yanaşı, onlarda bu sahəyə maraq oyadılması, onların mütəxəssis kimi yetişdirilməsidir. Azərbaycan Texniki Universiteti ilə də bu yöndə əməkdaşlığa başlamışıq. Bundan əlavə, yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün xaricdə təhsil məsələlərini də nəzərdən keçiririk. Hesab edirik ki, tələbələrin xaricdə təhsil alması, gələcəkdə onların yalnız “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə deyil, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına da öz töhfələrini verməsinə zəmin olacaq. Qeyd edim ki, bu yöndə tədbirlər planı üzrə Korporasiyamız tərəfindən bu il üçün təhsil məsələlərinə vəsait artıq ayrılıb.

Trend

Yeni Xəbərlər