“Azərtütün ASK” MMC-nin Şəki Tütün İstehsalı və Emalı Məntəqəsində əlavə 30 ədəd tütünqurutma kameraları quraşdırılıb

Tütünçülük fəaliyyəti ilə məşğul olan fermerlərə tütün məhsulunun tədarükü və emalı proseslərində dəstək göstərilməsi, həmçinin emal edilən tütünün keyfiyyətinin artırılması məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən 2019-ci ildə “Azərtütün ASK” MMC-nin Şəki rayon Çələbixan qəsəbəsində yerləşən Şəki Tütün İstehsalı və Emalı Məntəqəsinin ərazisində qısa müddət ərzində İtaliyanın “De Cloet” şirkətinin istehsalı olan müasir tələblərə cavab verən 30 ədəd odlaqurutma kamerası quraşdırılıb, habelə məntəqə digər zəruri infrastruktur və texnoloji vasitələrlə təmin edilib. Məntəqədə  anbar binası, köməkçi binalar, çeşidləmə zonası, odla qurutma kameralarının ön hissəsində altıaçıqlar tikilib, həmçinin elektrokarlar, kip presləmə aparatları və bir ədəd KT/Y630/10 markalı generator ilə təmin edilib.

Bir kamera 8-9 ton yaş tütün emal etmək gücünə malik olmaqla bir tədarük mövsümündə 12 dövr istifadə edilə bilər və 30 ədəd odla qurutma kamerasının gündəlik yaş tütünün emal  potensialı  22-25 tondur. Ümumilikdə, Şəki Tütün İstehsalı və Emalı Məntəqəsində 90 ədəd kamera fəaliyyət göstərir.

2019-cu ildə Şəki rayonu üzrə “Azərtütün ASK” MMC ilə 82 fermer arasında bağlanmış tədarük müqavilələrinə əsasən 721 ha ərazidə “Virciniya Botaniki” növlü tütün əkini aparılıb ki, həm Şəki rayonuda, həm də zərurət yarandıqda Qax rayonunun yaxın ərazilərində istehsal edilən yaş tütünün emalı Şəki Tütün İstehsalı və Emalı Məntəqsində həyata keçirələcəkdir.

Phototape