Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 13 iyul tarixli 3082 nömrəli və “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 10 avqust tarixli 3163 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

 

                                                                                        AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 iyul tarixli 3082 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1417; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın 2-ci hissəsinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

“Aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə pambıq istehsalçılarına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq subsidiya verilir.”.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 avqust tarixli 3163 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1558; 2018, № 11, maddə 2287; 2019, № 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın 2-ci hissəsinin altıncı abzası aşağıdakı redaksiyada verilsin:

“Bununla yanaşı, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq subsidiya verilir.”.

 

                        İlham Əliyev,

          Azərbaycan Respublikasının Prezidenti

                  Bakı şəhəri, 1 may 2020-ci il

                               №2011